23 yaşadək güləşçilərdən ibarət yığmamız Avropa çempionu olub
23 yaşadək idmançılardan ibarət yunan-Roma güləşi üzrə yığmamız Bakıda keçirilən Avropa çempionatının qalibi olub.
İdmançılarımızdan Ziya Babaşov 63, Xasay Həsənli 77, Qurban Qurbanov isə 82 kq çəki dərəcəsində qızıl medal qazanıblar.
Digər pəhləvanlarımızdan Nihad Quluzadə qitə turnirində gümüş, Rəşad Məmmədov, Ruslan Nurullayev, Laçın Vəliyev və Murad Əhmədiyev isə bürünc mükafatın sahibi olublar.
Beləliklə, 3-ü qızıl, 1-i gümüş və 4-ü bürünc olmaqla yarışda ümumən 8 medal qazanan komandamız 163 xal toplayaraq Avropa çempionu olub. Yığmamız ən yaxın izləyicisi Gürcüstanı 25 xal qabaqlayıb. İlk üçlüyü Türkiyə kollektivi qapayıb.
Qeyd edək ki, Bakı İdman Sarayında təşkil olunan və 32 ölkədən 400-ə yaxın güləşçinin qatıldığı Avropa çempionatına mayın 26-sı yekun vurulacaq.