Arda Gülər Lionel Messi ilə müqayisə edilir
Hazırda əla formada olan “Real Madrid”in türkiyəli futbolçusu Arda Gülərin uğurlu çıxışı İspaniyada yüksək qiymətləndirilib.
Artıq həm yerli futbolsevərlər, həm də jurnalistlər onu ulduz oyunçularla müqayisə etməyə başlayıblar.
Bəzi nəşrlər isə ona Lionel Messinin məşhur “yadplanetli” ləqəbini veriblər. Bu, A.Gülərin son görüşlərdə ardıcıl qollar vurması fonunda baş verib.
Belə ki, La Liqanın son 3 matçında 4 qol vuran Arda həm də dəqiq ötürmələri ilə diqqət çəkib. Ümumilikdə isə 19 yaşlı yarımmüdafiəçi meydanda olduğu 12 qarşılaşmada 6 qol vurmağa nail olub.
Xatırladaq ki, Arda Gülər ötən yaydan “Real”da çıxış edir. 20 milyon avroya “Fənərbağça”dan cəlb olunan futbolçu “Kral klubu” ilə İspaniya çempionatı və Super Kubokunda qələbə qazanıb. İyunun 1-də isə onun şərəfini qoruduğu kollektiv növbəti mükafat üçün Çempionlar Liqasının finalında Dortmund “Borussiya”sı ilə üz-üzə gələcək.