AVRO-2024 | Polşa - Avstriya matçında qapılara 4 qol vurulub
Futbol üzrə Avropa çempionatının II turu çərçivəsində daha bir görüş baş tutub.
Berlində keçirilən oyunda Polşa və Avstriya milliləri üz-üzə gəliblər.
Türkiyəli hakim Halil Umut Melerin idarə etdiyi qarşılaşmada hesab 9-cu dəqiqədə açılıb. Avstriyalıların heyətindən Qernot Trauner komandasının ilk qolunun müəllifi olub.
30-cu dəqiqədə Polşa tarazlığı bərpa edib. Kşiştof Piontek hədəfi dəqiq nişan alıb. Tərəflər fasiləyə 1-1 hesablı bərabərliklə yollanıblar. İkinci yarıda Avstriya yığması üstünlüyü yenidən ələ alıb. 66-cı dəqiqədə Kristof Baumqartner Polşa millisini növbəti dəfə oyuna mərkəzdən başlamağa məcbur edib.
Görüşdə son nöqtəni isə 79-cu dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Marko Arnautoviç qoyub. Polşa – Avstriya: 1-3.
Qeyd edək ki, Polşa növbəti turda Fransa ilə qarşılaşacaq. Avstriya isə Niderlandla münasibətlərə aydınlıq gətirəcək.