AVRO-2024-ün E qrupunda mübarizə yekunlaşıb
AVRO-2024-ün E qrupunda sonuncu turun oyunları olub.
Frankfurt şəhərində keçirilən matçda Slovakiya və Rumıniya milliləri qarşılaşıb.
Oyunda hesabı slovakiyalılar açıblar. 24-cü dəqiqədə Ondrey Duda fərqlənib. Buraxılan topdan sonra fəallaşan rumınlar 37-ci dəqiqədə bərabərliyi təmin ediblər. Razvan Marin qapını dəqiq nişan alıb. Qalan vaxtda hər iki komandanın qol vurmaq imkanları olsa da, görüş 1-1 hesabı ilə yekunlaşıb.
Bu qrupun digər matçı Ştutqart şəhərində baş tutub. Ukrayna və Belçika yığmalarının oyununda hər iki komandanın fərqlənmək imkanları olsa da, qarşılaşma qolsuz bərabərliklə bitib.
Bu nəticələrdən sonra 4 xalı olan Rumıniya E qrupunun qalibi kimi pley-offa yüksəlib. Eyni sayda xal toplayan Belçika və Slovakiya milliləri 2-ci, 3-cü yerin sahibləri kimi 1/8 finala adlayıblar. Ukrayna seçməsi də qrupu 4 xalla tamamlasa da, əlavə göstəricilərə görə sonuncu olaraq yarışla vidalaşıb.