Avropa Liqası: “Fənərbağça” və “Beşiktaş”ın ilk matçları
Türkiyə təmsilçisi “Fənərbağça” UEFA Avropa liqasının ilk turunda Belçikanın “Yunion” kollektivi ilə üz-üzə gəlib.
“Şükrü Saracoğlu” stadionunda baş tutan matçda azarkeşlər 3 qol görüblər.
Oyunda hesabı 26-cı dəqiqədə meydan sahibləri açıb. Çağlar Söyüncü qapını dəqiq nişan alıb: 1-0.
74-cü dəqiqədə qırmızı vərəqə alan Kevin Makkalister “Yunion”u azlıqda qoyub. Az sonra Kristian Börcesin avtoqolundan sonra fərq 2 topa yüksəlib. Əsas vaxta artırılan dəqiqələrdə Ross Sayks toplardan birinin əvəzini çıxsa da, Belçika klubu bundan artığını bacarmayıb. “Fənərbağça” – “Yunion”: 2-1.
İstanbul nəhəngi oktyabrın 3-ü növbəti tur çərçivəsində Niderlandın “Tvente” klubu ilə qarşılaşacaq.
Türkiyənin digər nümayəndəsi “Beşiktaş” isə azarkeşlərini məyus edib. Amsterdamda təşkil olunan qarşılaşmada “Ayaks”ın qonağı olan “qara qartallar” 0-4 hesabı ilə məğlub olub.
“Ayaks”ın heyətində dubl edən Mika Qodtsla yanaşı, Kian Fits-Cim və Kennet Teylor fərqləniblər. İstanbul klubu növbəti turda Almaniyanın “Ayntraxt Frankfurt” komandasını qəbul edəcək. Bu oyun oktyabrın 3-ü İstanbulda baş tutacaq.