Azərbaycan Kuboku: "Sabah" - "Qarabağ" matçı
Azərbaycan kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib. “Sabah” klubu ölkə çempionu “Qarabağ”ı qəbul edib.
Qarşılaşmada inamlı təsir bağışlayan “köhlən atlar” fasiləyə 3-0 hesabı ilə irəlidə yollanıb. Komandanın heyətində Hamidu Keyta, Juninyo və Nəriman Axundzadənin zərbələri dəqiq olub.
2-ci yarıda da təzyiqi azaltmayan qonaqlar 55-ci dəqiqədə 4-cü qolu vurublar. Juninyo dubl edib: 4-0.
63-cü dəqiqədə Cesse Sekidika toplardan birinin əvəzini çıxsa da, “Sabah” bundan artığını bacarmayıb. Əvəzində Ağdam təmsilçisi daha 3 dəfə rəqibi oyuna mərkəzdən başlamağa məcbur edib. Dubl edən Zubirlə yanaşı, Adama Diakabi qapını dəqiq nişan alıb. “Sabah” – “Qarabağ”: 1-7.
Qeyd edək ki, tərəflər arasında 1/4 finalın cavab qarşılaşması fevralın 8-i keçiriləcək.