Çempionlar liqası: 1/8 finalın daha 2 iştirakçısı müəyyənləşdi
UEFA Çempionlar liqasının qrup mərhələsində 5-ci tura yekun vurulub.
“Santyaqo Bernabeu” arenasında “Napoli”ni qəbul edən “Real Madrid” 9-cu dəqiqədə Covanni Simeonenin qolundan sonra geriyə düşsə də, cəmi 2 dəqiqə sonra Rodriqo hesabı bərabərləşdirib. 22-ci dəqiqədə isə Cud Bellingem komandasını irəli çıxarıb: 2-1.
2-ci yarının əvvəlində neapolluların üzvü Anqissa tarazlığı bərpa etsə də, “kral klubu” qələbə qazanmağı bacarıb. 84-cü dəqiqədə “Real”ın gənc yetirməsi Niko Paz, son saniyələrdə isə Xoselu fərqlənib. “Real” – “Napoli”: 4-2.
15 xalı olan madridlilər C qrupunda 1-ci, 7 xal toplayan “Napoli” isə 2-ci yerdədir. Daha bir qollu görüş Londonda olub. “Lans”ı qəbul edən “Arsenal” 6 cavabsız topla qalib gəlib. Kay Haverts, Qabriel Jezuş, Bukayo Saka, Qabriel Martinelli, Martin Ödeqor və Jorjinyonun fərqləndiyi matçdan sonra B qrupunda 12 xalı olan “Arsenal” 1-ci yerin sahibi kimi 1/8 finala vəsiqəni təmin edib.
Eyni uğura PSV də imza atıb. “Sevilya”nın qonağı olan Niderland klubu 5 qolun qeydə alındığı oyunda əzmkar qələbə qazanıb. 0-2 hesabı ilə geridə olmalarına baxmayaraq, ruhdan düşməyən eyndhovenlilər dönüş edərək 3-2 hesabı ilə güclü olublar. Xallarının sayını 8-ə çatdıran PSV “Arsenal”dan sonra qrup 2-cisi kimi mərhələ adlayıb.
Gecənin diqqət çəkən qarşılaşmalarından biri də “Benfika” və “İnter” arasında olub. Lissabonun “Estadio da Luj” arenasındakı matçın ilk hissəsi Joao Marionun het-triki sayəsində “Benfika”nın 3-0 hesablı üstünlüyü ilə yekunlaşıb. Lakin ruhdan düşməyən “neradzurri” Arnautoviç, Frattezi və Sançezin qolları ilə məğlubiyyətdən xilas ola bilib.
3-3 hesabı ilə bitən oyundan sonra “İnter” “Real Sosyedad”la D qrupunda 1-ci, 2-ci yerləri bölüşdürür. Qrupda qalacağı dəqiqləşən “Benfika”nın isə 1 xalı var.