İngiltərədə çempionluq uğrunda vacib oyunlar olub
“Mançester Siti” İngiltərə Premyer liqasında 30-cu turun mərkəzi matçında “Arsenal”ı qəbul edib.
Çempionluq uğrunda mübarizə aparan komandaların görüşünə “şəhərlilər” istəkli başlasa da, “topçular” tədricən vəziyyəti bərabərləşdirə biliblər. Bununla belə, ilk hissədə qol olmayıb.
Fasilədən sonra “Siti” təzyiqi artırıb. Ancaq uğurla müdafiə olunan “Arsenal” rəqibin fərqlənməsinə imkan verməyib. Nəticədə oyun qolsuz bərabərliklə yekunlaşıb.
Titul uğrunda yarışan “Liverpul” isə 30-cu turda “Brayton”la üz-üzə gəlib. “Enfild”də keçirilən matçda hesabı artıq 2-ci dəqiqədə Denni Uelbek açıb. Lakin “qırmızılar” ilk hissənin ortalarında Luis Diazın dəqiq zərbəsi ilə hesabı bərabərləşdiriblər: 1-1.
2-ci yarıda hücumlarını sürətləndirən mersisaydlılar 65-ci dəqiqədə qələbə topunu vurublar. Məhəmməd Salah yerli azarkeşləri sevindirib. “Liverpul” – “Brayton”: 2-1. Qalibiyyətdən sonra 67 xalı olan “Liverpul” 2-ci yerdəki “Arsenal”ı 2, 3-cü pillədəki “Mançester Siti”ni isə 3 xal qabaqlayır.
İspaniya çempionatının lideri “Real Madrid” 30-cu turun görüşündə “Atletik Bilbao”nu qəbul edib. “Santyaqo Bernabeu” arenasındakı oyunda “kral klubu” Rodriqonun dublu sayəsində 2-0 hesablı qələbə qazanıb. Bu nəticədən sonra 75 xalı olan “los blankos” 2-ci yerdəki “Barselona”nı 8 xal qabaqlayır.