İstanbul Derbisində qalibin adına aydınlıq gəlib
Türkiyə çempionatında 6-cı turun oyunları davam edir.
Mərkəzi matçda “Fənərbağça” klubu son çempion “Qalatasaray”la üz-üzə gəlib.
“Ülkər” stadionunda keçirilən matçda hesab 20-ci dəqiqədə açılıb. “Fənər”in qolkiperi Dominik Livakoviç avtoqol müəllifi olub. 8 dəqiqə sonra fərq 2-yə çatıb. “Sarı-qırmızılar”ın heyətindən Dris Mertens meydan sahiblərinin qapısına yol tapıb. “Cim-bom” fasiləyə 2-0 hesablı üstünlüklə yollanıb.
İkinci yarıya da sürətli hücumlarla başlayan “Qalatasaray” üçüncü topu “Fənərbağça”nın qapısına göndərib. 60-cı dəqiqədə Qabriel Sara hədəfi dəqiq nişan alıb.
“Fənər”in heyətində rəqib qapısına yol tapan yeganə futbolçu Edin Ceko olub. O, 63-cü dəqiqədə penaltidən fərqlənsə də bu sadəcə təsəlli olub. “Fənərbağça”-“Qalatasaray” 1-3.
Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 18-ə çatdıran “Qalatasaray” turnir cədvəlinin lideridir. Aktivində 13 xal olan “Fənərbağça” isə ikinci pillədə qərarlaşıb.