“Neftçi” çempionatın 11-ci turunda “Sabah”la qarşılaşıb
“Neftçi” komandası Azərbaycan Premyer liqasında növbəti görüşünü keçirib.
Paytaxt təmsilçisi 11-ci turun matçında “Sabah” kollektivinin qonağı olub. Qarşılaşmanın ilk hissəsində qapılar önündə təhlükəli vəziyyətlər yaransa da, hesab açılmayıb.
54-cü dəqiqədə meydan sahibləri 11 metrlik cərimə zərbəsi qazanıblar. Lakin Cesse Sekidika fürsəti dəyərləndirə bilməyib. Qalan vaxtda da qol vəziyyətləri yaransa da, oyunda hesab açılmayıb.
Bu heç-heçədən sonra “Neftçi”nin aktivində 9 xal var. “Ağ-qaralar” 11 turdan sonra yarış cədvəlində 8-ci yerdədir.
Qeyd edək ki, Samir Abasovun baş məşqçi təyin olunmasından sonra 2-ci görüşünü keçirən “Neftçi” ötən tur “Səbail”ə 3-1 hesabı ilə qalib gələrək mövsümdə ilk qələbəsini qazanıb. Növbəti turda paytaxt klubunu daha ciddi sınaq gözləyir. “Neftçi” bu dəfə öz meydanında yarış cədvəlinin üçüncüsü “Araz-Naxçıvan”la üz-üzə gələcək.