“Neftçi” doğma meydanında “Sumqayıt”ı qəbul edib
Azərbaycan Premyer Liqasında VIII turun oyunları davam edir.
“Neftçi” klubu “Sumqayıt” kollektivi ilə üz-üzə gəlib.
“Neftçi Arena”da keçirilən oyunda azarkeşlər 2 qol görüblər. İlk hissədə qapılar önündə qol vəziyyətləri yaransa da hesab açılmayıb. İkinci yarıda “kimyaçılar” fərqlənməyi bacarıblar. 70-ci dəqiqədə Cordan Resabala “ağ-qaralar”ın qapısını dəqiq nişan alıb. 6 dəqiqə sonra paytaxt təmsilçisi tarazlığı bərpa edib. Yuri Matias “Neftçi” azarkeşlərini sevindirib. Oyun qollu bərabərliklə yekunlaşıb.
Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 5-ə çatdıran “Neftçi” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Aktivində 7 xal olan “Sumqayıt” isə 7-cidir.
Əlavə edək ki, “Neftçi” növbəti turda “Kəpəz”in qonağı olacaq. “Sumqayıt” isə “Qarabağ”ı qəbul edəcək.