"Qarabağ" Almaniyada "Bayer Leverkuzen"lə son oyununa çıxıb
“Qarabağ” komandası Avropa liqasında 1/8 final mərhələsinin cavab görüşündə “Bayer”in qonağı olub.
“Bay Arena”da keçirilən matça yerli kollektiv sürətli hücumlarla başlasa da, fasiləyə tərəflər qolsuz bərabərliklə yollanıblar. 58-ci dəqiqədə isə komandamız irəli çıxıb. Abdulla Zubir “Qarabağ”a üstünlük qazandırıb.
63-cü dəqiqədə təmsilçimiz azlıqda qalıb. Elvin Cəfərquliyev birbaşa qırmızı vərəqə ilə meydandan uzaqlaşdırılıb. Bununla belə, 67-ci dəqiqədə “Qarabağ” 2-ci topu “Bayer”in qapısından keçirib. Juninyonun zərbəsi dəqiq olub.
72-ci dəqiqədə Frimponq fərqi azaldıb: 1-2. Bundan sonra təzyiqi artıran “Bayer” əsas vaxta artırılan dəqiqələrdə daha 2 top vurub. Hər iki epizodda Patrik Şik hədəfi dəqiq nişan alıb.
Qarşılaşma Almaniya klubunun 3-2 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasında ilk oyun 2-2 hesabı ilə bitdiyi üçün iki görüşün yekununda 5-4 hesabı ilə güclü olan "Bayer" 1/4 finala adlayıb.