"Qarabağ" Avropa liqasında ilk oyununu keçirib
“Qarabağ” klubu UEFA Avropa liqasında ilk matçına çıxıb.
“Köhlən atlar” 1-ci turda İngiltərə nəhəngi “Tottenhem”in qonağı olub.
“Tottenhem Hotspur Stedium”da baş tutan oyunda azarkeşlər 3 qol görüblər.
Qarşılaşmanın 8-ci dəqiqəsində “mahmızlar” azlıqda qalıb. Radu Draquşin birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Buna baxmayaraq, meydan sahibləri 4 dəqiqə sonra hesabı açmağı bacarıblar. Brennan Jonson Ağdam təmsilçisinin qapısını dəqiq nişan alıb. “Tottenhem” fasiləyə üstün yollanıb.
Hücumlarına ara verməyən İngiltərə klubu ikinci yarıda daha 2 topu “Qarabağ”ın qapısına göndərib. 53-cü dəqiqədə Pap Matar Sar, 68-ci dəqiqədə isə Dominik Solanke fərqlənməyi bacarıb. “Qarabağ” 58-ci dəqiqədə penalti imkanı qazansa da, Toral Bayramov 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib. Görüş “Tottenhem”in 3-0 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, “Qarabağ” klubu növbəti turda İsveç təmsilçisi “Malmö” ilə üz-üzə gələcək. Görüş oktyabrın 3-ü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.