"Qarabağ" "Linkoln"la üz-üzə gəlib
“Qarabağ” klubu UEFA Çempionlar Liqasında növbəti matçına çıxıb.
“Köhlən atlar” II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Cəbəllütariqin “Linkoln” kollektivi ilə üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş ağdamlıların 5-0 hesablı qələbəsi ilə bitib.
Qarşılaşmanın ilk hissəsində Olavio Juninyo het-trik müəllifi olub. Ağdam təmsilçisi fasiləyə 3-0 hesabı ilə üstün yollanıb. “Qarabağ” ikinci yarıda da hücumlarına ara verməyib. 66-cı dəqiqədə Yassin Benzia 4-cü topu “qırmızı şeytanlar”ın qapısına göndərib. Matçda son nöqtəni isə Leandro Andrade qoyub. “Qarabağ” – “Linkoln”: 5-0.
Qeyd edək ki, ilk oyunda rəqibini 2 cavabsız topla üstələyən “köhlən atlar” 2 oyunun nəticəsinə əsasən III təsnifat mərhələsinə yüksəlib. “Qarabağ” bu mərhələdə Bolqarıstanın “Ludoqorets” və Belarusun “Dinamo” cütünün qalibi ilə üz-üzə gələcək.