"Zirə"nin haqqını kim yeyir? | Rəşad Sadıqov kimə əsəbiləşdi?
“Hakim səhvlərinə artıq alışmışıq. Heç nəyə təəccüblənmirəm”.
Bu sözləri “Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 22-ci turunda “Sabah”a 0:1 hesabı ilə məğlub olduqları oyuna münasibət bildirərkən deyib.
Onun bu matçda, eləcə də digər oyunlarda hakimlərin qərarları ilə bağlı fikirləri son günlər ən çox müzakirə olunan mövzulardandır.
Çalışdırıcının narazılığına səbəb olan epizodlardan biri “Sabah”la görüşün 1-ci hissəsində baş verib. Belə ki, “Zirə”nin futbolçusu Eldar Quliyevin qolu VAR müdaxiləsindən sonra ləğv edilib. Halbuki qapıya paralel gedən topda Eldar Quliyevin oyundan kənar vəziyyətdə olmadığı görünsə də, hakimlər burada da şübhəli qərar qəbul edib.
Bundan başqa, Rəşad Sadıqov oyunun sonlarında komandasının künc zərbəsi yerinə yetirməsinə icazə verilməməsindən də gileylənib. Mütəxəssis bu cür halların “Zirə”nin qarşılaşmalarında daimi hal aldığını bildirib.