Türkiyə Superkuboku ilə bağlı bu qərar verildi
Futbol üzrə Türkiyə superkuboku uğrunda görüşün keçiriləcəyi tarix açıqlanıb.
Ölkənin Futbol Federasiyasından verilən məlumata görə, superliqanın son qalibi “Qalatasaray” və ötən mövsüm Türkiyə kubokunu qazanan “Beşiktaş” arasında oyun avqustun 3-ü təşkil olunacaq.
İstanbuldakı “Atatürk Olimpiya Stadionu”nda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə 21:45-də start götürəcək.
Qeyd edək ki, “Qalatasaray” və “Beşiktaş” kollektivləri superkubok uğrunda sonuncu dəfə 2016-cı ildə üz-üzə gəliblər. 90 dəqiqəsi qolsuz bitən matçın əlavə vaxtında tərəflər hərəyə 1 dəfə fərqlənib. Qalibi müəyyənləşdirmək üçün yerinə yetirilən 11 metrlik zərbələrdə isə “cimbom” daha dəqiq olub. Nəticədə “sarı-qırmızılar” 17-ci dəfə fəxri mükafata yiyələniblər. Bu göstərici ilə “Qalatasaray” həm də superkuboku ən çox qazanan kollektiv adına sahibdir.