“Yuventus” - “İnter” matçında qapılara 2 qol vurulub
A Seriyasının 13-cü turu İtaliya derbisi ilə əlamətdar olub. “Alyans Stedium”da “Yuventus” komandası “İnter”i qəbul edib.
Görüşdə hesabı 27-ci dəqiqədə “Qoca Sinyora” açıb. Kyezanın ötürməsindən sonra Vlahoviç fərqlənib. Ancaq “neradzurrri”nin cavabı özünü çox gözlətməyib. 33-cü dəqiqədə Lautaro Martinez qapını dəqiq nişan alıb. Qalan vaxtda tərəflərin qol vurmaq imkanları nəticəsiz qalıb və oyun 1-1 hesabı ilə yekunlaşıb. 13 turdan sonra 32 xalı olan “İnter” hazırda 1-ci yerdədir. 2 xal az toplayan “Yuventus” isə 2-cidir.
İngiltərə Premyer liqasının 13-cü turu “Tottenhem”in növbəti məğlubiyyəti ilə yadda qalıb. “Aston Villa”nı qəbul edən “mahmızlar” 22-ci dəqiqədə Lo Çelsonun topu ilə hesabı açsalar da, sonradan Pau Torres və Votkinsin qolları birmingemlilərə 2-1 hesablı qələbə qazandırıb.
“Qudison Parkda” keçirilən oyunda isə “Mançester Yunayted” “Everton”u darmadağın edib. “Qırmızı şeytanlar”ın 3-0 hesabı ilə güclü olduğu qarşılaşmada komandanın qollarını Qarnaço, Reşford və Marsyal vurub. Ardıcıl 3-cü qalibiyyətdən sonra 24 xalı olan mankunianlar hazırda 6-cı yerdədir.
La liqanın 14-cü turu “Real Madrid” üçün uğurlu alınıb. Kadis səfərində eyni adlı kollektivlə üz-üzə gələn “los blankos” 3 xalı 3 qolla qazanıb. “Kral klubu”nun qolları dubl edən Rodriqo ilə yanaşı, əla formada olan Cud Bellingemin aktivindədir. Bu nəticədən sonra 35 xalı olan “Real” 1 oyun aç keçirən “Jirona”nı qabaqlayaraq liderliyə yüksəlib.