2026-cı ilin büdcə layihəsi Nazirlər Kabinetinə təqdim olunacaq
İqtisadi Şuranın növbəti iclası keçirilib.
Bu barədə Baku TV-yə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 12-13 sentyabr tarixində Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində 2026-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin proqnoz layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, dünya iqtisadiyyatının inkişaf meyilləri, büdcə proqnozlarında istifadə olunan əsas fərziyyələr, cari iqtisadi vəziyyət və 2025-29-cu illər üzrə yenilənmiş makroiqtisadi proqnozlar və digər məsələlər müzakirə olunub.
Həmçinin Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası ilə bağlı xərclərin maliyyələşdirilməsi və Böyük Qayıdış Proqramının təmin edilməsi, Ortamüddətli Xərclər Çərçivəsi və nəticə əsaslı büdcə mexanizminin tətbiq olunduğu sahələr, büdcə qaydasının parametrləri üzrə hədəf göstəriciləri, makroiqtisadi və maliyyə sabitliyi sahəsində cari vəziyyət, siyasət istiqamətləri və digər məsələlər ətraflı müzakirə olunub.
İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Sahil Babayev, Mərkəzi Bankın sədri Taleh Kazımov və əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin məruzələri dinlənilib. Təqdim olunan gündəliyə dair İqtisadi Şuranın üzvləri tərəfindən müzakirələr aparılıb.
İclasın yekununda İqtisadi Şura üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla 2026-cı ilin büdcə zərfinə daxil olan bütün sənəd və məlumatların Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi üçün Nazirlər Kabinetinə təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
#Nazirlər Kabineti teqi istifadə olunub
- Prezident İlham Əliyev fərman imzaladı
- “Qıtlıq olacaq, keyfiyyət yox...” | Taksi sayına qoyulan limit qiymətə təsir edəcək?
- Bu şəxslərin kommunal xərclərinin müəyyən hissəsini dövlət ödəyəcək
- Taksilərin sayı azalır, bəs keyfiyyət artacaq? | Ekspert şərh etdi
- Taksi sürücülərinin diqqətinə | Nazirlər Kabinetindən yeni qərar - CANLI
