Aİ-nin "müşahidəçilər"i Laçınla sərhəddə nə edir?
Oktyabrın 30-da Ermənistan ərazisindəki Avropa İttifaqının “müşahidəçiləri” yenidən Azərbaycanla sərhədə gəliblər.
Bununla bağlı “Ordu.az”a yeni görüntülər daxil olub.
Məlum olub ki, səhər saatlarında Laçın rayonunun Fətəlipəyə kəndi ilə sərhədin Gorus rayonu Kornidzor kəndi ərazisində yerləşən yolun üzərinə Avropa İttifaqına məxsus 2 ədəd “Toyota” markalı minik avtomobili və Ermənistana məxsus 1 ədəd “Niva”, 1 ədəd “UAZ Patriot” markalı minik avtomobilləri gəlib.
Avtomobillərdən 6 nəfər Avropa İttifaqının “müşahidəçisi” və 1 nəfər erməni hərbi qulluqçu düşüb, Azərbaycanın ərazilərini müşahidə cihazı ilə 2 saata yaxın izləyiblər. Sonra Kornidzor kəndi istiqamətinə qayıdıblar. Saat 13 radələrində isə artıq Zəngilan rayonu ilə sərhəddə 2 ədəd Avropa İttifaqına məxsus “Toyota” markalı avtomobil və 1 ədəd “UAZ” markalı avtomobil peyda olub.
Qeyd olunan avtomobillərdən ümumilikdə 5 nəfər Avropa İttifaqının “müşahidəçisi” və 1 nəfər erməni hərbi qulluqçu enib, gündüz görmə cihazı vasitəsilə bizim istiqamətlərimizi müşahidə ediblər.