Azərbaycan IRENA ilə yeni əməkdaşlığa başladı | Pərviz Şahbazov detalları açıqladı
“Azərbaycan Mərkəzi Asiya ölkələri ilə regional bərpa olunan enerji layihələrinin həyata keçirilməsində əməkdaşlığa böyük önəm verir”.
Bunu energetika naziri Pərviz Şahbazov COP29 çərçivəsində təşkil olunmuş Mərkəzi Asiyada Enerji keçidi üzrə İnvestisiya Forumunda deyib.
O bildirib ki, son illərdə Mərkəzi Asiya ölkələri regionun zəngin bərpa olunan enerji resurslarından istifadə etmək və enerji dayanıqlılığı üçün vacib həllər təklif etmək məqsədilə əhəmiyyətli layihələr həyata keçirirlər:
“Bu kontekstdə biz Mərkəzi Asiya – Azərbaycan Yaşıl Enerji Layihəsinin reallaşdırılması üçün strateji təşəbbüs üzrə əməkdaşlığa başlamışıq. Bu təşəbbüs ölkələrin yaşıl enerji keçidindəki rolunu artırmağa və enerji təhlükəsizliyini gücləndirməyə yönəlib. Bu səylər beynəlxalq investorlar üçün cəlbedici imkanlar yaradır.
Nazirin sözlərinə görə, IRENA regionda yaşıl və inklüziv iqtisadi transformasiyaya nail olmaq məqsədilə Mərkəzi Asiyada Bərpa Olunan Enerji üçün Sürətləndirilmiş Tərəfdaşlıq adlı təşəbbüsü başladır:
“İnanırıq ki, əsas maneələri aradan qaldırmaqla və regional əməkdaşlığı gücləndirməklə bu tərəfdaşlıq Mərkəzi Asiyanın bərpa olunan enerji hədəflərinə çatmasına, enerji təhlükəsizliyinin artırılmasına və qlobal iqlim məqsədlərinə nail olmasına əhəmiyyətli dəstək verəcək”.