Stiven Kornelius COP29-da həyəcan təbili çaldı | Həyatımız təhlükə altında olacaq
“2023-cü il temperatur göstəricilərinə görə bütün rekordları qırıb. Amma bu hələ hamısı deyil, 2024-cü il üçün proqnozlar daha qorxuludur. Temperaturun sənaye inqilabından əvvəlki səviyyədən 1,5 dərəcədən çox yüksələcəyi gözlənilir”.
Bunu Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən mətbuat konfransında Ümumdünya Təbiəti Mühafizə Fondunun iqlim və enerji məsələləri üzrə müavini Stiven Kornelius deyib.
O vurğulayıb ki, bu, qlobal istiləşmənin limitinə çatmaq demək deyil, lakin bu, həyəcan siqnalıdır.
“Biz daha pis və intensiv iqlim təhlükələri görürük – daha uzun istilik dalğaları, böyük daşqınlar, geniş meşə yanğınları… Bütün bunlar isə insan fəaliyyətinin nəticəsidir”, – deyə o bildirib.
Ekspert baş verənlərin əsas səbəbləri kimi qazıntı yanacaqlarının yandırılmasını, həmçinin qeyri-rasional torpaqdan istifadəni və meşələrin qırılmasını göstərib.
“Əgər qlobal istiləşməni 1,5 dərəcə səviyyəsində saxlaya bilməsək, bütün həyatımız və yaşayışımız təhlükə altında olacaq”, – deyə S.Kornelius xəbərdarlıq edib.