Bakı-İrəvan sülh prosesindəki durğunluğun əsas səbəbi | Ermənistanın bu ölkədən asılılığı var
Avropa İttifaqı Bakını COP29 ərəfəsində Ermənistanla sülh müqaviləsi imzalamağa çağırıb.
Bu barədə Brüsselin “EUobserver” portalı Avropa Komissiyasına istinadən məlumat yayıb.
Məlum məsələdir ki, Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədində müşahidə missiyası fəaliyyət göstərir.
Son zamanlarda isə İrəvan Azərbaycan-Ermənistan sərhədində hərbi təxribatlar törədir. Ancaq Avropa İttifaqının “müşahidə missiyası” Ermənistanın sərhəd təxribatları ilə bağlı hər hansı açıqlama vermək məsuliyyətini öz üzərində hiss etmir, bunun əvəzində Azərbaycana sülhlə bağlı çağırışlar edir.
Analitiklər tərəfindən geniş müzakirə edilən məsələlərdən biri də COP29-a qədər ən azı çərçivə sazişinin imzalanması ilə bağlı gözləntilər idi. İndi həmin siyasi ekspertlər son vaxtlar sülh danışıqları prosesində müşahidə olunan durğunluqdan bəhs edirlər. Bəs belə durğunluğun səbəbi nədir?
Siyasi şərhçi Mətin Məmmədli bildirib ki, son dövrlər sülh prosesində durğunluğun yaranması Ermənistanın danışıqlar prosesində ziddiyətli mövqeyi ilə bağlıdır:
“Ermənistan danışıqlar prosesində əsassız tələblər irəli sürür, Azərbaycan tərəfi ilə danışıqlardan imtina edir. Bu yaxınlarda Londonda keçirilən Avropa Siyasi İcmasının toplantısı çərçivəsində Ermənistan Baş naziri Azərbaycan Prezidenti ilə görüşdən imtina etmişdi. Azərbaycanın danışıqlar prosesində irəli sürdüyü haqlı tələblər var, onları Ermənistan tərəfi hələ ki qəbul etmir”.