Bakıda keçirilən mühüm iclasda nələr müzakirə edildi? | Detallar açıqlandı.
Bakıda Azərbaycan ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib.
İclasda Birgə Hökumətlərarası Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov iki ölkə arasında münasibətlərin möhkəm tarixi təməl, mədəni yaxınlıq və iki qardaş xalqın qarşılıqlı hörmətinə əsaslandığını vurğulayıb.
Eyni zamanda Türkmənistanla investisiya əməkdaşlığının möhkəmləndirilməsi potensialı qeyd edilib.
Bildirilib ki, Azərbaycanda sənaye, nəqliyyat, tikinti, ticarət və xidmət sahələrində Türkmənistan kapitallı 75 şirkət fəaliyyət göstərir.
Həmçinin vurğulanıb ki, ölkələrimiz arasında tranzit daşımalarının həcmi son illərdə sabit dinamika nümayiş etdirir. Ötən ilin yekunlarına görə, bu göstərici 2 milyon tonu, bu ilin ilk yarısında isə 1 milyon tonu keçib.
İclasda Zəngəzur dəhlizinin perspektivləri barədə məlumat verilib, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsinin önəmi bildirilib. Türkmənistan sərmayədarları fəal əməkdaşlığa dəvət olunub.
