Bu, ağır nəticələnəcək! – Ermənistanın sərhəddə təxribatlarının pərdəarxası
Ermənistan sərhəddə intensiv təxribatlara yol verir.
Aydındır ki, məqsəd dünyanın, o cümlədən ermənipərəst qüvvələrin diqqətini bölgəyə cəlb etməkdir.
İrəvan belə təəssürat yaratmağa çalışır ki, guya Azərbaycan hər an bölgədə yeni hərbi əməliyyatlara başlaya bilər və bunun üçün Ermənistanın müdafiə olunmağa, hərbi yardımlara ehtiyacı var.
Halbuki Azərbaycanın Ermənistana təhlükə yaratmadığı göz önündədir. Çünki Azərbaycan Ordusunun dislokasiya yerinin dəyişdirilməsi, onun döyüş vəziyyətinə gətirilməsi faktı müşahidə olunmur.
Bunun əvəzinə “Böyük Qayıdış” proqramı çərçivəsində əhalimizin Qarabağa köçürülməsi prosesi və paralel olaraq həmin yerlərdə bərpa-quruculuq işləri həyata keçirilir.
Ancaq yalnız avqust ayı boyunca Ermənistanın sərhəd təxribatları statistikasına baxsaq, regionda yeni qarşıdurma üçün İrəvanın ciddi hazırlıq prosesi içində olduğunu müşahidə edə bilərik.
2024-cü ilin avqust ayında müxtəlif vaxtlarda 7 dəfə sərhəd təxribatları baş verib. Onlardan biri Gorus istiqamətində Ermənistanın kəşfiyyat uçuşu həyata keçirməsidir.
Qeyd etdiyimiz kimi, həmin ayda yalnız bir dəfə Kəlbəcər, digər vaxtlarda isə Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub. Sentyabr ayının 4-də isə yenidən Naxçıvan, 5-də Kəlbəcər istiqamətində Ermənistan Silahlı Qüvvələri sərhəd təxribatları törədib.
Fransa Xarici İşlər Nazirliyi isə vətəndaşlarını zərurət olmadan Azərbaycana səfərlərdən çəkinməyə çağırıb. Nazirliyin məlumatında deyilir ki, Ermənistanla sərhəd rayonlara, eləcə də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və ona bitişik ərazilərə səyahət hələ də qəti şəkildə tövsiyə edilmir.
Görünür, Fransa tərəfindən verilmiş bu cür əsassız, qərəzli qərar və bəyanatların arxasında elə Yelisey sarayında yazılıb-hazırlanan və digər qərəzli Qərb dövlətləri ilə koordinasiyalı şəkildə icraatına başlanılan ssenarilər dayanır.
Mövzu ilə Baku TV-yə açıqlama verən siyasi şərhçi Sahil Kərimli bildirib ki, Ermənistan bu hərbi təxribatları özbaşına etmir:
“Ermənistanı buna vadar edən Qərb və Avropa dairələridir. Həmin dairələr ki, onlar Ermənistanı ciddi şəkildə silahlandırırlar. Ermənistan hərbi təxribatlarla Azərbaycanın səbr kasasını daşdırmağa çalışır”.
Ermənistanda hakimiyyət nümayəndələri elə düşünürlər ki, Qərb onlara müstəqil olmaq yolunda yardım edir. Amma ekspertlər də bu qənaətdədirlər ki, nəhayət, İrəvan Qərbin göstərdiyi trayektoriya ilə irəliləmək və sərhəddə hərbi qarşıdurma yaratmaq cəhdlərinin onun üçün Vətən müharibəsinin nəticələrindən daha ağır ola biləcəyini anlamalıdır.