Ceyhun Bayramov Zəngəzur dəhlizindən danışdı | Hansı məsələlərin vacibliyi vurğulandı?
Xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin İstanbul şəhərində “3+3” regional məşvərət formatının görüşündə iştirak və çıxış edib.
Çıxışda Azərbaycanın təhlükəsizlik, iqtisadiyyat, ticarət, energetika, nəqliyyat-kommunikasiyalar, o cümlədən postmünaqişə dövründə regional sülh və normallaşma prosesi üzrə mövqeyindən ətraflı bəhs olunub.
Mövcud şəraitdə bölgə dövlətlərinin beynəlxalq hüququn prinsipləri, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, daxili işlərə qarışmama əsasında regionumuza sahib çıxmasının əhəmiyyəti qeyd olunub.
Azərbaycanın müstəqilliyinin bərpa olunmasından bəri bölgə dövlətləri ilə qarşılıqlı hörmət və legitim təhlükəsizlik narahatlıqları nəzərə alınmaqla qarşılıqlı faydalı əməkdaşlıq etdiyi, bunun nəticəsində Bakı-Tbilisi-Qars, Şimal-Cənub dəhlizi kimi bir sıra regional, o cümlədən qlobal əhəmiyyətli layihələrin həyata keçirildiyi bildirilib.
Birgə layihələrimizin Naxçıvan Muxtar Respublikasını da əhatə etməsi, xüsusilə İran ərazisindən keçərək Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən kommunikasiyaların tezliklə tamamlanmasına dair ümidvarlıq ifadə olunub.
Keçmiş münaqişənin yekunlaşması, ölkəmizin ərazi bütövlüyü və suverenliyimizin bərpası ilə regional əməkdaşlıq üçün açılan yeni imkanlar fonunda Azərbaycanın Ermənistanla dayanıqlı sülh quruculuğu prosesinin davam və inkişaf etdirilməsinə dair qətiyyəti bir daha təsdiq olunub.
Sülh prosesinin qarşısında duran maneələrin aradan qaldırılmasının, xüsusilə Ermənistanın təcavüz və işğalının bir daha təkrarlanmayacağı və sülhün daxili siyasətinin dəyişikliklərinin vacibliyi vurğulanıb.
Mövcud problemlərin gözardı edilməsi ilə dayanıqlı sülh quruculuğunu təxirə salan “yarımçıq sülh”ün Ermənistan tərəfindən təbliğatının “gizli gündəm”in mövcudluğuna dair sual doğurduğu qeyd olunub.