Ermənistandakı azərbaycanlı kəndi Ağkəndin gizli qalan tarixi - Baku TV
"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində Ermənistanda 1980-ci illərin sonlarına qədər azərbaycanlıların yaşadığı Ağkənd (indiki Ağncadzor) kəndinin tarixi haqqında araşdırma dərc olunub.
Qeyd olunub ki, Ağkənd – Qərbi Azərbaycanda sovet dövründə Axkənd, Ağncadzor adlandırılan kəndin adı sovet dövründə 1968-ci ilədək Axkənd kimi yazılıb. 1968-ci ildə Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində kəndin adı Ağncadzor olaraq dəyişdirilib.
Kənd 1995-ci ildən Ermənistan Respublikasının Vayots Dzor vilayətinin tərkibindədir. XVIII əsrin ortalarından Rusiya işğalına qədər kəndin ərazisi Naxçıvan xanlığının Dərələyəz mahalının tərkibində olub.
1827-ci ildə Rusiya Naxçıvan xanlığının ərazisini işğal edib, 1828-ci il Türkmənçay müqaviləsi isə onun Rusiya imperiyası tərkibinə birləşdirilməsini təsbit edib. Çar Rusiyası dövründə kənd İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasının tərkibində olub.
1829-1832-ci illərdə Rusiya hakimiyyətinin tapşırığı ilə keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazilərinin kameral təsviri tərtib edilib. Sənədə salınmış məlumatlara əsasən, Ağkənd kəndində hamısı azərbaycanlıların əcdadları olmaqla 200-dən artıq adam yaşayıb.
«Qərbi Azərbaycanın yaddaş yerləri» – nadir elmi-tədqiqat işidir. Müasir Ermənistan ərazisində aparılan sahə tədqiqatları zamanı ilk dəfə olaraq, müasir azərbaycanlıların əcdadlarının vaxtilə məskunlaşdığı 600-ə yaxın kənd haqqında məlumat toplanmış və sistemləşdirilmişdir. Onların bəzilərində türk mədəni-tarixi irsinin fraqmentləri – qəbiristanlıqlar, pirlər, məscidlər qalmışdır.
