Gürcüstanda azərbaycanlıları sıxışdırmağa başlayacaqlar?
“Gürcüstanda parlament seçkiləri yekunlaşdı. Gözlənilən oldu, iqtidar partiyası qalib gəldi. Daha bir gözlənilən də oldu, müxalifət təxribata əl atır”.
Bunu Baku TV-nin departament rəhbəri Turan İbrahimov bildirib.
Jurnalistin sözlərinə görə, müxalifətin bu təxribatlarda daha da ürəkli olması üçün xarici dövlətlər də Gürcüstanın daxili işlərə birbaşa olaraq qarışır:
“İlk baxışda Gürcüstanla heç əlaqəsi olmayan dövlətlər bu ölkədəki seçkilərin nəticələrini tanımayacaqlarını bildirir. Bu məsələdə Gürcüstan Prezidenti Salome Zurabişvilinin heç də konstitusiyaya uyğun şəkildə görünməyən hərəkətləri, xüsusilə də Gürcüstanda yaşayan azərbaycanlıları hədəf göstərməsi də diqqəti cəlb edir. Bu seçkilər bir daha vurğuladı ki, Gürcüstandakı ictimai-siyasi proseslərdə əsas həlledici qüvvə artıq azərbaycanlılardır. Azərbaycanlılar hansı siyasi qüvvəyə dəstək verirlərsə, onların iqtidara gəlməsi mümkündür”.
O qeyd edib ki, Salome Zurabişvilinin azərbaycanlıları hədəf göstərməsi bu qüvvələrin öz havadarlarından aldıqları tapşırığa əsasən, Gürcüstanda nəyin bahasına olursa-olsun, sabitliyi pozmaqda maraqlı olduqlarını ortaya qoyur:
“Azərbaycanlıları hədəf göstərmək yaranacaq konflikti, siyasi qüvvələr arasındakı qarşıdurmanı etnik qarşıdurmaya çevirməyə də meyillənir. Hazırkı iqtidarın əleyhinə olan qüvvələr, xüsusilə də ABŞ, Fransa dəstəkli o qüvvələr hakimiyyətə gələcəkləri təqdirdə Azərbaycanın Cənubi Qafqazdakı bütün maraqlarını bloklamaq üçün əllərindən gələni edəcəklər”.