İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür məktubu göndərib
Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifə təşəkkür məktubu göndərib.
Mətndə deyilir:
“Hörmətli cənab Baş nazir, əziz qardaşım, 19 dekabr 2024-cü il tarixində Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) 11-ci Zirvə görüşü zamanı Azərbaycan Respublikasının yekdilliklə D-8 təşkilatının üzvü seçilməsinə görə qardaş Pakistan İslam Respublikasına və şəxsən sizə dərin təşəkkürümü bildirirəm.
Azərbaycanın namizədliyinə ifadə edilən birmənalı dəstək təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərimizin, birliyimizin və həmrəyliyimizin təzahürüdür.
Qarşılıqlı inam, hörmət və dəstəyə əsaslanan, gündən-günə yeni məzmunla zənginləşən Azərbaycan-Pakistan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Biz qardaş Pakistanla siyasi, iqtisadi, ticari, nəqliyyat, hərbi-texniki, humanitar və digər sahələrdə çoxşaxəli əməkdaşlığımızı və strateji tərəfdaşlığımızı daim genişləndirməyə xüsusi əhəmiyyət veririk.
2025-ci ildə sizin Azərbaycana dövlət səfərinizi səbirsizliklə gözləyir, bunun qardaşlıq münasibətlərimizin möhkəmlənməsinə, səmərəli birgə fəaliyyətimizin daha da dərinləşməsinə təkan verəcəyinə əminliyimi ifadə edirəm. Bir daha sizə minnətdarlığımı bildirir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Pakistan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.