Muxtar Babayevin sammitdə çıxışı | COP29 sədrliyinin irəli sürdüyü təşəbbüslərin önəmi
“Azərbaycan müxtəlif dinlər arasında qarşılıqlı hörmət və əməkdaşlığı təşviq edərək dinlərarası dialoqun vacibliyini yüksək qiymətləndirən ölkədir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır”.
Bu sözləri COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Dini Liderlərinin Qlobal Sammitində söyləyib.
O qeyd edib ki, COP29 Sədrliyi itkilərin və zərərin aradan qaldırılmasına yönələn fəaliyyətləri dəstəkləyərək bu sahədə vacib addımlar atır.
“COP29 Fəaliyyət Gündəliyi resursların inkişaf etməkdə olan ölkələr üçün daha əlçatan olmasını təmin etməyə yönəlib. Azərbaycanın COP29 Sədrliyi tərəfindən 14 əsas təşəbbüs irəli sürülüb. Bizim məqsədimiz yalnız milli deyil, qlobal səviyyədə yeni yanaşmalar və innovativ həll yolları təklif etməkdir”, – deyə Muxtar Babayev vurğulayıb.