Paşinyan ermənilərə demarkasiya məsələsini görün necə izah etdi
Ermənistanın Baş naziri Nikol Paşinyan xalqına Tavuşda delimitasiya məsələsini bir stəkan su ilə izah etməyə çalışıb.
Bu barədə o, sosial şəbəkədə paylaşdığı “Dövlət haqqında söhbətlər” adlı videoçarxında danışıb.
Hökumət başçısı bildirib ki, dövlətlərdə suverenliyin ən mühüm atributu xalqın öz hüquq və vəzifələrinin dairəsini müəyyən etməsidir, ancaq bunun üçün əvvəlcə ərazi konkretləşdirilməlidir. Yəni xalqın hansı hüquq və vəzifələrə sahib olduğuna başqaları deyil, xalq qərar verməlidir.
N.Paşinyan fikrini daha aydın nümayiş etdirmək üçün su ilə doldurulan qabdan istifadə edib. O, ermənilərə müraciət edərək qabın içindəkini hüquq və vəzifələr kimi təsəvvür etmələrini istəyib. Baş nazir suyu boş stəkana töküb və deyib ki, hüquqlar, vəzifələr konkret formadadırsa, deməli, onlar məqbul və həyatqabiliyyətlidir.
Sonra o, hüquq və vəzifələrin konkretləşmədiyi formanı nümayiş etdirib. Bunun üçün Baş nazir qabdakı suyu stolun üstünə töküb. Kadrlarda da masadakı suyun yayılaraq N.Paşinyanın üstünə töküldüyü görünür.
“Beləliklə, konkretləşmə olmasa, hüquq və vəzifələr davamlı olmur, problemlər və diskomfort hissi yaradır. Bizim Tavuş bölgəsində gördüyümüz işin bir məqsədi var. Onun çərçivəsində vətəndaşların hüquq və vəzifələrinin dairəsi xeyli gücləndiriləcək”, – deyə Nikol Paşinyan əlavə edib.