Prezident “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak etdi
“Laçının azad edilməsi də bizim güclü siyasi iradəmizin göstəricisi idi. Laçının böyük hissəsi siyasi vasitələrlə azad edilib. İkinci Qarabağ müharibəsi zamanı biz Laçın rayonunun cənub hissəsini azad etdik və bunun özü də mühüm hərbi qələbə idi”.
Bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda bildirib.
“Rayonun əksər hissəsi, o cümlədən Laçın şəhəri siyasi vasitələrlə azad edilib. Beləliklə, mən işğal edilmiş ərazilərin hərbi-siyasi yolla azad olunduğunu deyəndə Laçın bunun bariz nümunəsidir. Hazırda isə biz siyasi yolla davam edirik. Əminəm ki, biz bütün məqsədlərimizə siyasi vasitələrlə nail ola bilərik və məhz bunu nümayiş etdiririk”, – dövlət başçısı əlavə edib.