Prezident hərbçilərin pensiya tələbində dəyişiklik etdi
Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan hərbçilər üçün tələblər dəyişib.
Prezident İlham Əliyev bununla bağlı “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Yeni Qanuna əsasən, hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular, hərbi xidmətdən yaşa görə buraxılmış, 30 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər, hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, azı 30 il ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər, hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçuların, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ olacaq.
Bundan başqa, hərbçi qadınların ehtiyatda olma yaş həddi də ləğv olunub. Edilmiş dəyişikliklə qadınların həqiqi hərbi xidmətdə olmalarının yaş hədləri ilə bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunla “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə arasında ziddiyyət aradan qaldırılıb, gender bərabərliyinin Silahlı Qüvvələrdə də təmin edilməsi məqsədilə qadınların həqiqi hərbi xidmətdə ehtiyatda olmalarının son yaş hədlərinin kişi cinsli hərbi qulluqçularla bərabərləşdirilməsi məqsədəuyğun hesab olunub.