Prezidentin nümayəndəsindən vacib açıqlama
“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 1 milyondan çox minanı təmizləmək üçün 50 ildən çox zaman lazım olacaq”.
Bu sözləri Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Şəhərsalma Həftəsi 2023” çərçivəsində təşkil olunan “Ümumdünya Məskunlaşma Günü” Forumunda panel çıxışında deyib.
O bildirib ki, hər bir münaqişənin spesifik cəhətləri var: “Azərbaycanda baş verən münaqişələrdə bəzi səciyyəvi xüsusiyyətlərə toxunmalıyıq. Həmin amillər görəcəyimiz işin miqyasını, potensialını müəyyənləşdirir”.
E.Hüseynovun sözlərinə görə, bərpa üçün ayrılacaq vəsait, zaman nəzərə alınmalıdır:
“Amma bizim ərazilərimizin 30 illik işğalda olmasını nəzərə alsaq, bəzi mühüm məqamlar var. Azad edilmiş ərazilər tamamilə dağıdılıb, biz buna şəhərlərin soyqırımı deyirik. Neçə min hektarlarla meşələr dağıdılıb və ekoterror adlandıra biləcəyimiz vəziyyət baş verib. Tarixi irs, mədəniyyət abidələri dağıdılıb”.