Suriya ilə bağlı razılaşma | İlham Əliyev və Ərdoğan arasındakı telefon danışığının detalları
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Prezidentin Mətbuat Xidmətinin məlumatına görə, Rəcəb Tayyib Ərdoğan dövlət başçısına ad günü münasibətilə təbriklərini çatdıraraq, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Rəcəb Tayyib Ərdoğan ölkəmizin inkişaf etməkdə olan səkkiz dövlətin İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik edib. Prezident İlham Əliyev öz növbəsində bu məsələdə Türkiyənin Azərbaycana göstərdiyi dəstəyə görə bir daha minnətdarlığını bildirib.
Söhbət zamanı Azərbaycan-Ermənistan normallaşma prosesi, regional təhlükəsizlik məsələləri müzakirə olunub. Suriyada Əsəd rejiminin çökməsindən sonra müsbətə doğru irəliləyiş məmnunluqla qeyd edilib, Suriyanın sosial və iqtisadi inkişafı ilə bağlı birgə səylərin göstərilməsi razılaşdırılıb.
Dövlət başçıları ölkələr arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminliklərini bildiriblər, əməkdaşlığımızın perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.