
Azərbaycan Respublikasının Göygöl rayonu
Göygöl rayonu Azərbaycan Respublikasının qərbində dağlıq və dağətəyi zonada yerləşir, ən yüksək nöqtəsi dəniz səviyyəsindən 3724 metr hündürlükdədir. Rayon şimalda Gəncə şəhəri və Samux rayonu ilə, şərqdə Goranboy rayonu ilə, cənubda Kəlbəcər rayonu ilə, cənubu-qərbdə Daşkəsən rayonu ilə, qərbdə Şəmkir rayonu ilə həmsərhəddir. Rayonun sahəsi 0.92 min kv.km, əhalisi 65,3 min nəfərdir.
Tarixi — alman kolonistlərinin irsi
Rayonun mərkəzi olan Göygöl şəhərinin əsası 22 avqust 1819-cu ildə Almaniyanın Vyutenburq knyazlığından gəlmiş alman kolonistləri tərəfindən qoyularaq Helenendorf adlandırılmışdır. Mənzərəli təbiəti olan Helenendorfda alman memarlığı üslubunda evlər tikilərək 6 küçə salınmış, ümumtəhsil məktəbi, uşaq bağçası, musiqi məktəbi fəaliyyət göstərmişdir. Forer qardaşları həmin dövrdə şərab və konyak istehsalı ilə məşğul olmuş, Helenendorfda istehsal olunan konyak və pivə bir çox xarici ölkələrə ixrac edilmişdir. Rayon inzibati ərazi vahidi kimi 1930-cu ilin avqust ayında təşkil olunmuşdur.
Təbiət və qoruq
Rayon ərazisində 15 min 802 hektar meşə sahəsi və Kəpəz dağı olmaqla Göygöl, Maralgöl, Qaragöl, Ördəkgöl, Zəligöl, Ağgöl, Aynagöl, Şamlıqgöl, eləcə də digər xırda göllər var. 1925-ci ildə yaradılmış Göygöl qoruğunun sahəsi 7 131 hektardır. Qoruqda cüyür, xallı maral, dağ keçisi, boz ayı, dovşan, qaban, Qafqaz maralı kimi heyvan növləri qorunur.
Tarixi abidələr və turizm
Rayon ərazisində XII, XIV, XVI və XIX əsrlərə aid 31 yerli əhəmiyyətli tarixi və memarlıq abidəsi mövcuddur, bunlardan 8-i kurqan, nekropol və açıq düşərgə, digərləri isə bina və körpülərdir. Quşqara, Gəncə və Kürək çayları Göygöl rayonunun ərazisindən keçir. Əhali əsasən heyvandarlıq, əkinçilik və üzümçülüklə məşğul olur.