
Azərbaycan Respublikasının Hacıqabul rayonu
Hacıqabul rayonu 1990-cı ildə Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə yaradılmış inzibati ərazi vahididir. Rayonda 31 yaşayış məntəqəsi var — bunlardan 1 şəhər, 1 şəhər tipli qəsəbə, 4 qəsəbə və 25 kəndir. Əhalinin milli tərkibində əsas yeri azərbaycanlılar, türklər və ruslar təşkil edir.
Tarixi
Şirvanşahlar sülaləsinin hakimiyyətdə olduğu dövrdə bu ərazidə Mahmudabad şəhəri salınmışdır. Böyük İpək Yolu bu şəhərdən keçmiş, Fars körfəzi rayonuna gedən karvanlar buradan hərəkət etmişdir. XV əsrdə Şah Abbas indiki Hacıqabul şəhərinin yerləşdiyi ərazidəki eyni adlı gölün sahilində Həcc ziyarətinə gedən zəvvarlar üçün karvansara tikdirmişdir. Orta əsrlərdə karvansaralar Böyük İpək Yolunda mühüm əhəmiyyət kəsb edən dayanacaqlar idi — burada pul dəyişilir, atlara yem verilir, tacirlər üçün gecələməyə yer verilirdi.
Arxeoloji abidələr
Azərbaycan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Hacıqabul şəhərinin şimal-qərb tərəfindəki Haram dağında üzərində petroqliflər olan siklopik tikili aşkar etmişlər. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, bu tikilidinin yaşı 5 min ilə yaxındır. Tikililərin ətrafında aşkar edilmiş daşların üzərində insan və fantastik heyvan təsvirləri var.
Pir Hüseyn xanəgahı
Hacıqabul rayonunun ərazisindəki Pir Hüseyn xanəgahına daxil olan tikililərin inşasına XI əsrin əvvəllərində başlanmışdır. Tikililəri əhatə edən qala divarının XIII əsrdə inşa olunması ehtimal olunur. XIV əsr tarixçisi Vəssaf 1318-ci ildə Qızıl Orda xanı Özbəkin döyüşçüləri tərəfindən xanəgahdan qarət olunmuş qiymətli əşyaların geri qaytarılması haqqında öz sərkərdələrinə əmr verdiyi barədə məlumat verir. Nazirlər Kabinetinin 2001-ci il tarixli qərarına əsasən xanəgah ölkə əhəmiyyətli memarlıq abidəsi kimi dövlət tərəfindən mühafizəyə götürülmüşdür.