Cəlil Məmmədquluzadənin ev muzeyindən reportaj
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan Muxtar Respublikasında görkəmli ədib Cəlil Məmmədquluzadənin xatirəsinin əbədiləşdirildiyi 3 muzey fəaliyyət göstərir: Babək rayonunun Nehrəm qəsəbəsində və Şərur rayonunun Cəlilkəndində xatirə, Naxçıvan şəhərində isə ev-muzeyi. Həmçinin Naxçıvan MR Milli Dram Teatrı və Ədəbiyyat Muzeyi də görkəmli ədibin adını daşıyır.
Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərində yerləşən ev-muzeyi Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 19 iyun tarixli Sərəncamına əsasən yaradılıb.
Muzeyin direktoru Aytən Ələkbərova Baku TV-yə açıqlamasında bildirib ki, 65 sayda eksponatla fəaliyyətə başlayan muzeydə hazırda 3000-ə yaxın eksponat mövcuddur ki, bunlardan 278-i ekspozisiyada nümayiş olunur: “Muzeydə ədibin ailə fotoları, kitabları, nəsr və dram əsərləri, tədqiqatçılarının əsərləri, yaşadığı dövrə aid məişət əşyaları, hazırda dünyanın müxtəlif ölkələrində yaşayan ailə üzvlərinin fotoşəkilləri, “Molla Nəsrəddin” jurnalının orijinal nüsxələri mühafizə olunur”.
Azərbaycan milli mətbuat tarixi və onun inkişafında “Molla Nəsrəddin” jurnalının özünəməxsus yeri və mövqeyi var. Jurnalın muzeydə sərgilənən orijinal nüsxələri gələn qonaqların ən çox diqqətini cəlb edən eksponatlardandır. Mirzə Cəlilin Ömər Faiq Nemanzadə ilə birgə əsasını qoyduqları “Molla Nəsrəddin” jurnalı Şərqdə və Türk dünyasında ilk rəngli, şəkilli mətbuat orqanı idi.
Cəlil Məmmədquluzadənin doğulduğu, uşaqlıq və gənclik illərini keçirdiyi evdə bir sıra əsərlərini qələmə aldığı masanı, əsərləri əsasında hazırlanmış illüstrasiyaları və onun bir zamanlar ifa etdiyi kamançanı belə görmək mümkündür.
#Cəlil Məmmədquluzadə teqi istifadə olunub
