"Ölülər" tamaşasının məşqləri yekunlaşır
Yeniliklərdən dərhal xəbərdar olun
Fevralın 24-də Heydər Əliyev Mərkəzində nümayiş olunacaq Cəlil Məmmədquluzadənin “Ölülər” tamaşasının məşqləri artıq yekunlaşmaq üzrədir.
Tamaşa ümummilli liderin 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və milli teatr sənəti” layihəsi çərçivəsində Heydər Əliyev Mərkəzinin və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təqdimatında baş tutacaq. Artıq Mərkəzin zalında səhnəyə uyğun olaraq dekorasiya da qurulub.
Tamaşanın quruluşçu rejissoru və rəssamı Xalq artisti Azər Paşa Nemətovdur. Səhnə əsərində SSRİ Xalq artisti, görkəmli bəstəkar Qara Qarayevin “Ölülər” üçün bəstələdiyi musiqi yeni versiyada təqdim ediləcək. İki hissəli tamaşada “Şeyx Nəsrullah” obrazını Xalq artisti Nurəddin Mehdixanlı, İsgəndər obrazını isə Əməkdar artist Anar Heybətov canlandıracaq.
Onları səhnədə xalq artistləri Əli Nur, Hacı İsmayılov, Kazım Abdullayev, Laləzar Mustafayeva, Rafiq Əzimov, Sabir Məmmədov, əməkdar artistlər Aslan Şirin, Elxan Quliyev, Elşən Rüstəmov, Əlfida Cəfərov, Kazım Həsənquliyev, Mətləb Abdullayev, Məzahir Cəlilov, Mirzə Ağabəyli və digər aktyorlar müşayiət edəcək.
#Ölülər tamaşası teqi istifadə olunub
