“Məktəbdə deyirlər ki, dərs keçə bilmərik” | 11 yaşlı qız niyə təhsildən kənarda qalıb? - Baku TV
Quba rayonunun İkinci Nügədi kəndində yaşayan 11 yaşlı Rəna Əhmədova anadangəlmə serebral iflicdən əziyyət çəkir.
Rənanın atası Dəyanət Əhmədovun sözlərinə görə, qızı bir müddət evdə fərdi qaydada təhsil alsa da, sonradan bu imkandan da məhrum olub. Hazırda 11 yaşlı qız xəstəliyinin yaratdığı çətinliklərlə yanaşı, məktəbdən və təhsildən uzaq qalmağın ağrısını da yaşayır.
Dəyanət Əhmədov bildirir ki, Rəna 2025-ci ildə müayinədən keçirilib və fərdi təhsil almağa yararsız hesab olunub. Bundan sonra qızın təhsili dayandırılıb, adı isə məktəbin sistemindən çıxarılıb.
“Qızım evdə oturub ağlayır. Deyir ki, məktəbə getmək, oxumaq istəyirəm. Çıxılmaz vəziyyətdə qalmışam, ürəyim ağrıyır. Uşaq anadangəlmə xəstədir, dövlət tərəfindən pensiya alır. Bir-iki il evdə fərdi qaydada dərs keçdilər. Sonra dedilər ki, uşaq müayinədən keçməlidir. Apardım, müayinə etdilər. Həkimlər sənədləri yoxladılar və qızımın fərdi təhsil almağa yararsız olduğunu qeyd etdilər. Xahiş edirəm, aidiyyəti qurumlar bu məsələyə baxsınlar. Uşaq iki ildir təhsildən kənarda qalıb. O, hazırda yeddinci sinifdə oxumalıdır. Məktəbə gedirəm, deyirlər ki, adı sistemdə yoxdur, ona görə də dərs keçə bilmərik”, – Dəyanət Əhmədov deyib.
