Niyə arıqlaya bilmirik? | Gündəlik kalori balansı necə qorunmalıdır? - Baku TV
Bəziləri gecə yemək yeməyin kökəlməyə səbəb olduğunu düşünür, bəziləri isə gün ərzində qəbul etdiyi qidanın kalorisini hesablamır.
Bəs gündəlik kalori balansı necə qorunmalıdır?
Məşqçi Cavid Xudiyev bildirir ki, bədənin bazal metabolizminin xərclədiyi müəyyən bir kalori miqdarı var:
“Bu göstəricidən çox kalori qəbul etdikdə çəki artır, az qəbul etdikdə isə çəki azalır. Sağlam şəkildə çəki vermək, yəni yağ yandırmaq üçün orqanizm zülal, mineral və vitaminlərlə təmin olunmalıdır. Qidalanmanı tamamilə dayandırmaq və ya axşam saat 7-8-dən sonra yemək yeməmək kimi yanaşmalar yanlışdır. Hərəkətsiz qalmaq isə kalori yandırmamaq deməkdir, buna görə də bu da sağlam üsul sayılmır”.
Endokrinoloq Mehri Həsənova isə qeyd edib ki, düzgün qidalanmağa baxmayaraq, arzulanan çəkiyə nail olmaq mümkün deyilsə, bunun əsas səbəbləri araşdırılmalıdır:
“Məsələn, buna metabolik və hormonal pozuntular, eləcə də yuxu rejiminin pozulması səbəb ola bilər. İnsulin müqaviməti zamanı qlükoza hüceyrəyə daşınaraq enerjiyə çevrilmirsə, qalxanvari vəzin funksiyası zəifdirsə (və ya normadan artıqdırsa), yuxu pozuntusu varsa və ya kortizol hormonu uzun müddət yüksək qalırsa, çəkini stabil saxlamaq mümkün olmayacaq”.
#Artıq çəki teqi istifadə olunub
