"Özümüzə oxşayan film çəkmirik" | Tərlan Nur Yaşar Azərbaycan kinosundakı problemlərdən danışdı
“Qapqara” verilişinin yeni buraxılışının qonağı aktyor və ssenarist Tərlan Nur Yaşar olub.
Tərlan Nur Yaşar 26 illik sənət fəaliyyəti ərzində təvazökarlığa münasibətindən söz açıb. O, başqalarına qarşı təvazökar davrandığını, lakin özünə qarşı tələbkar olduğunu vurğulayıb:
“Mən özümə qarşı qətiyyən təvazökar deyiləm. Başqalarına qarşı təvazökaram. Yeni bir işi qəbul edəndə indiyə qədər 26 il ərzində işlər görmüş Tərlanla həmin təklifi bir tərəziyə qoyuram. Baxıram ki, bu iş indiyə qədər gördüyüm işlərin dəyərini aşağı sala bilər, yoxsa onlara bərabər gələ bilər?”.
Aktyor ssenari müəllifi kimi yaradıcılıq prinsiplərindən danışaraq keyfiyyətsiz işə imza atmaq istəmədiyini bildirib. Onun sözlərinə görə, bəzən sifarişçilərin tələbləri ilə müəllifin yaradıcı yanaşması üst-üstə düşmür:
“Heç kiçik məbləğə də pis ssenari yaza bilmərəm. Bəzən ideya müəllifləri, prodüserlər müəyyən tələblər irəli sürürlər və onları başa sala bilmirsən ki, bu, obraza uyğun deyil. Qarşı tərəf öz fikrində israr edirsə, bəzən həmin tələblərə uyğun işləməli olursan. Bununla belə, çalışırsan ki, onların kriteriyalarını öz yaradıcılıq prinsiplərinə yaxınlaşdırasan”.
