Sürücülər görün necə risk altındadır | Masazır dairəsi istiqamətində böyük təhlükə - Baku TV
Son günlər paytaxtda və şəhərətrafı ərazilərdə yağış barmaqlıqlarının olmaması ilə bağlı şikayətlər artır. Bu dəfə narazılıq Masazır dairəsi yaxınlığındakı yolla bağlıdır.
Baku TV-nin qaynar xəttinə daxil olan müraciətdə bildirilib ki, Sumqayıt istiqamətindən Masazır dairəsinə gedən köməkçi yolda yağış sularının axıdılması üçün nəzərdə tutulan bir sıra barmaqlıqlar yoxdur. Bu isə xüsusilə sürücülər üçün ciddi təhlükə yaradır.
Ərazidə təxminən 8-10, bəzi hissələrdə isə 15 metr məsafədən bir yağış sularının axıdılması üçün dəliklər yerləşir. Lakin onların üzərindəki dəmir barmaqlıqların olmaması qəza riskini artırır və avtomobillərin zədələnməsinə səbəb ola bilər.
Baku TV-nin çəkiliş qrupunun ərazidə apardığı müşahidələr zamanı məlum olub ki, problem yolun bir neçə hissəsində mövcuddur. Demək olar ki, hər üç barmaqlıqdan biri yoxdur.
Sözügedən problemlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, bu cür ərazilərə həm paytaxtda, həm də şəhər ətrafında mütəmadi baxış keçirilir və oğurlanan və ya sıradan çıxan dəmir barmaqlıqlar bərpa olunur.
Qurumun məlumatına görə, buna baxmayaraq, bəzi şəxslər yağış barmaqlıqlarını yenidən oğurlayırlar. Nəticədə isə yaranmış boşluqlar sürücülər üçün təhlükə yaradır.
#Masazır dairəsi teqi istifadə olunub
