Helikopter qəzasında həyatını itirən iranlı rəsmilərin dosyesi
Yeniliklərdən dərhal xəbərdar olun
İran Prezidenti İbrahim Rəisi və onunla birlikdə 8 nəfərlik nümayəndə heyətinin helikopter qəzasında həlak olması hazırda dünya gündəminin manşetindədir.
Qeyd edək ki, həlak olan 9 nəfərdən 4-ü İranın yüksəkrütbəli dövlət rəsmisidir: ölkənin Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir-Abdullahian, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rəhməti və Təbrizin imam cüməsi Məhəmmədəli Al-Haşim.
Helikopterdə həlak olan rəsmilər İran siyasətində təcrübəli dövlət xadimləri kimi tanınırlar. Seyid İbrahim Rəisi 1960-cı ildə İranın Məşhəd şəhərində doğulub. Hüquq təhsili olan İ.Rəisi bir müddət Tehranın baş prokuroru olaraq çalışıb. 2014-15-ci illərdə isə ölkənin baş prokuroru postunu tutub. 2021-ci il iyunun 18-də keçirilən 13-cü prezident seçkisinin rəsmi nəticələrinə görə, İ.Rəisi 17 milyon 900 min səslə seçkidə qələbə qazanıb və İran İslam Respublikasının 8-ci prezidenti seçilib.
İranın xarici işlər naziri olmuş Hüseyn Əmir-Abdullahian isə 1964-cü ildə ölkənin Damğan şəhərində anadan olub. O, Tehran Universitetində Beynəlxalq Münasibətlər üzrə fəlsəfə doktoru dərəcəsini alıb. Ərəb və ingilis dilində sərbəst danışıb.
20 ilə yaxın diplomatik təcrübəsi olan Əmir-Abdullahian əsasən İranın Körfəz ölkələrində yerləşən səfirliklərində çalışıb. 2020-ci ildə Bağdadda öldürülən İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" xüsusi təyinatlı qüvvələrinin rəhbəri general Qasım Süleymaniyə ən yaxın şəxslərdən biri olub. O, 2021-ci ildə İranın xarici işlər naziri vəzifəsini icra edirdi.
Şərqi Azərbaycan əyalətinin qubernatoru vəzifəsində çalışmış Malik Rəhməti 1982-ci ildə anadan olub. Tehran Xarəzmi Universitetində hüquq üzrə doktorluq dərəcəsini alıb. Fərqli illərdə İranın iqtisadi işlər və maliyyə nazirliklərində müxtəlif vəzifələrdə çalışıb. İbrahim Rəisinin prezident seçilməsindən sonra isə 13-cü hökumətdə Şərqi Azərbaycanın qubernatoru vəzifəsinə təyin edilib.
Təbrizin imam cüməsi Məhəmmədəli əl-Haşim 1962-ci ildə Təbrizdə ruhani ailəsində doğulub. İlkin dini biliklərə elə orada yiyələnən Məhəmmədəli əl-Haşim alimlik dərəcəsini İranın Qum şəhərində alıb. O, Təbrizin imam cüməsi olmamışdan əvvəl 2008-2016-cı illərdə İranda "Ordunun Siyasi İdeoloji Təşkilatı"nın rəhbəri vəzifəsində çalışıb.
Xatırladaq ki, son məlumata əsasən, İran Prezidentinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların meyitləri Təbrizə göndərilib. Ümumilikdə helikopterin göyərtəsində olan 9 nəfərin hamısı həlak olub. Qəza ilə bağlı İranda 5 günlük matəm elan edilib.
#İran teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- İrana qarşı 96 saatlıq hücum iddiası
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
