İran lideri ABŞ ilə danışıqların yenidən başlanmasına dair mövqeyini açıqlayıb - Baku TV
“ABŞ və İran arasında 60 günlük müddət yekun razılaşma üçün danışıqlar aparmaq vaxtı idi”.
Bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
O bildirib ki, İran və ABŞ arasında atəşkəs adlandırıla biləcək bir razılaşma olmayıb. İslamabad Anlaşma Memorandumunda qeyd olunan məsələ müharibənin başa çatması idi.
Əraqçi əlavə edib ki, ABŞ bu anlaşma memorandumunu pozaraq qarşıdurmanı yenidən alovlandırıb.
Vasitəçi ölkələrin roluna toxunan Əraqçi qeyd edib ki, Qətər və Pakistan tərəflər arasında mesajlar mübadiləsi aparır və İranla əlaqə saxlayır. Bu isə danışıqlar aparılması demək deyil.
Diplomat Vaşinqtonla danışıqlara yenidən start verilməsi ilə bağlı qərarın qəbul edilmədiyini diqqətə çatdırıb.
Əraqçi həmçinin vurğulayıb ki, İran və Oman arasında danışıqlar yalnız texniki xarakter daşıyır və Hörmüz boğazında gəmilərin hərəkəti üçün dəniz marşrutlarının müəyyənləşdirilməsinə yönəlib.
Nazir sonda əlavə edib ki, Hörmüz boğazının açılması ilə bağlı qərar ABŞ-nin yerinə yetirməli olduğu digər şərtlərin reallaşmasından asılıdır.
