Qidaların dondurulması ilə bağlı maraqlı fakt | Dondurucuların istifadəsinin önəmi açıqlandı
ABŞ-də aparılan yeni tədqiqat göstərib ki, ev təsərrüfatlarında dondurucu istifadə etməklə qida tullantılarının miqdarını əhəmiyyətli dərəcədə azaltmaq mümkündür.
Araşdırmaya görə, qidaların dondurulması onların saxlanma müddətini uzadır və beləliklə, israfın qarşısını alır.
Tədqiqat 2022-ci ildə 1 067 ev təsərrüfatı arasında keçirilən Milli Məişət Qida Tullantılarının İzlənməsi Sorğusuna əsaslanıb. Ekspertlər qida tullantılarının iqtisadi və ekoloji fəsadlarına diqqət yetiriblər.
Nəticələrin təhlili onu deməyə əsas verib ki, ABŞ-nin ərzaq təhlükəsizliyi problemi ilə mübarizədə donduruculardan istifadə önəmlidir. Bu, yalnız tullantıları azaltmaqla kifayətlənmir, həm də iqtisadi və ekoloji baxımdan mühüm faydalar təmin edir.
Qeyd edək ki, ABŞ-də israf edilən qidaların 90 faizdən çoxu poliqonlara gedir ki, bu da istixana qazı emissiyalarına səbəb olur. Araşdırma qida tullantılarını azaltmaq və davamlı istehlak vərdişlərini təşviq etmək üçün yeni imkanlar təqdim edir.