General-mayor Natiq Əliyevin qızı ilə bağlı qalmaqallı ittiham - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
General-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva saxlanılıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, general qızı xüsusilə külli miqdarda dələduzluqda və nüfuz alverində şübhəli bilinir.
İttihama görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə bir nəfərdən külli miqdarda pul alıb. O, vətəndaş şikayəti əsasında prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub, istintaq nəzarətindədir. Hələlik onun barəsində məhkəmə qərarı yoxdur. O, təqsirləndirilən şəxs qismində cəlb edilərsə, noyabrın 12-si gün ərzində hakim qarşısına çıxarılacaq.
T.Əliyevanın şübhəli bilindiyi Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsində 500 min manatdan çox ziyan vurmaq nəzərdə tutulur. Əməlin cəzası 10 ildən 14 ilə kimi həbsdir.
Qeyd edək ki, Türkər Əliyeva Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun, sonradan isə eyni nazirliyin Tibb xidmətinin rəisi işləmiş general-mayor Natiq Əliyevin qızıdır.
General qızı bir müddətdir müxtəlif qalmaqallarla medianın gündəmindədir. Bu yaxınlarda o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində idarə rəisi və bir əməkdaşın ona qarşı qanunsuzluq və təhqirlərə yol verdiyini iddia etmişdi. Sonradan həmin idarə rəisi vəzifəsindən azad edilib.
