Şagirdin üzərinə benzin tökdülər, sonra isə... | “Elə bil belə də olmalı idi, heç demirlər ki...”
Yeniliklərdən dərhal xəbərdar olun
Övladını təhsil almaq üçün məktəbə göndərdi, lakin uşaq orada benzin tökülərək yandırıldı.
Söhbət bu ilin aprel ayında paytaxtın Yasamal rayonunda yerləşən 286 nömrəli tam orta məktəbdə baş verən hadisədən gedir.
Hadisə nəticəsində ağır yanıq xəsarətləri alan şagirdin atası Məmməd Vəliyev Baku TV-nin qaynar xəttinə müraciət edərək məktəb rəhbərliyinin hadisədən sonra nümayiş etdirdiyi münasibətdən şikayətlənib.
Onun sözlərinə görə, hadisədən yeddi ay keçməsinə baxmayaraq, məktəbin direktoru Samir Mehdizadə, sinif rəhbəri və psixoloq uşağın səhhəti ilə maraqlanmayıb, ailəyə hər hansı dəstək göstərməyib.
“Samir Mehdizadə bir dəfə də olsun gəlib qapımızı döyməyib ki, ay Murad, bu nə hadisədir gəlib sənin başına? Ölmüsən, qalmısan, nə kömək lazımdır sizə? Heç veclərinə də deyil, elə bil belə də olmalı idi”, – deyə şikayətçi bildirib.
Atanın iddiasına görə, hadisə zamanı məktəb direktorunun müavini və sinif rəhbəri ərazidə olsalar da, uşağa yardım göstərməyiblər. Sinif yoldaşının yandığını görərək ona kömək etməyə çalışan Ayaz Quluzadə də yanıq xəsarətləri alıb.
Mayın 26-dək reanimasiyada müalicə alan uşağın sonrakı müalicəsini ailəsi ev şəraitində davam etdirib.
M.Vəliyev bildirib ki, sentyabrın 13-dək övladının sarğılarını özü dəyişib, hazırda isə uşağın müalicəsi Türkiyədə davam etdirilir.
