23 yaşlı oğlan öldü, 2 bacı isə... | Evlərimizdəki səssiz təhlükə: Buna diqqət edin! - Baku TV
Sumqayıtda 23 yaşlı gənc dəm qazından həyatını itirib, Lənkəranda isə iki bacı dəm qazından zəhərlənib. 2026-cı ilin yeni başlamasına baxmayaraq, siyahı uzundur.
Bəs dəm qazı niyə bu qədər insanın ölümünə səbəb olur? Bilmədiyimiz, ya da doğru bilib etdiyimiz yanlışlar nələrdir?
Mütəxəssislər bildirirlər ki, dəm qazından boğulma hallarının əsas səbəblərindən biri tüstü bacalarının vaxtında təmizlənməməsidir.
Təhlükəsizlik üzrə ekspert Orxan Musayevin sözlərinə görə, ölkədə qüvvədə olan normativ sənədlərə əsasən, vanna otaqlarında qazla işləyən cihazların quraşdırılması və istismarı qəti şəkildə qadağandır.
Onun sözlərinə görə, bu cür qapalı məkanlarda yanma prosesi zamanı yaranan dəm qazı qısa müddətdə toplanaraq insanın heç bir əlamət hiss etmədən zəhərlənməsinə səbəb olur.
Ekspert qeyd edib ki, dəm qazının nə rəngi, nə də qoxusu var və cəmi bir neçə dəqiqə ərzində insan həyatı üçün ölümcül təhlükə yarada bilər.
O bildirib ki, qaz cihazlarının quraşdırılması, yerinin dəyişdirilməsi və texniki baxışı yalnız lisenziyalı mütəxəssislər tərəfindən həyata keçirilməlidir:
“Qaz cihazları mətbəxdə quraşdırıldığı halda tavanın hündürlüyü minimum 2,2 metr, otağın həcmi isə azı 15 kubmetr olmalıdır. Nəfəsliyi olmayan mətbəxlərdə qazla işləyən cihazların istismarı yolverilməz hesab olunur. Qaz sobalarından istifadə zamanı isə tüstü bacalarının ildə ən azı iki dəfə təmizlənməsi vacibdir”.
