243 kq çəkili qadının həyatı necə dəyişdi? - "Kök olduğu üçün dedi ki, öləndə oğlumdan gizlədin..."
“Arzunun vaxtı” verilişinin budəfəki buraxılışında fitnes müəllimi Elmir Əhmədov uşaqlıqda yaşadığı çətinliklərdən və hazırda artıq çəki problemindən əziyyət çəkən insanlara təmənnasız dəstək olmasından danışıb.
Uşaqlıq illərində ailəsinin ehtiyac içində yaşadığını bildirən Elmir o günləri belə xatırlayıb:
“13 yaşımdan bu günə qədər işləmədiyim gün olmayıb. Anam xadimə işləyərək bizə baxıb. Mən 13 yaşımda məktəbdən çıxıb Novxanıda ayağımda cırıq ayaqqabı ilə noxud, qarğıdalı satırdım. Bu gün qazandığım pulla bahalı maşın ala, xaricdə dincələ bilərəm, amma bunu etmirəm. Anamın verdiyi tərbiyəyə görə başqa insanları xoşbəxt etməyə çalışıram”.
Artıq çəkidən əziyyət çəkən qadınlara təmənnasız kömək etdiyini vurğulayan fitnes müəllimi bunun səbəbini belə izah edib:
“Məndən tez-tez o xanımlara niyə təmənnasız kömək etdiyimi soruşurlar. Çünki gözümü yumanda elə bilirəm ki, qarşımdakı anamdır. 243 kiloqram çəkili bir xanım 1 il 9 ay evdən çölə çıxa bilmirdi, ona motivasiya verib 40 kiloqram arıqlatdıq. Başqa bir vətəndaşımız – 249 kiloqram çəkili Nemət bəy isə 5 ay ərzində 100 kiloqram arıqladı. Mənim üçün əsl xoşbəxtlik bir insanın həyatını dəyişməkdir”.
