6 nəvəmi saxlayım, ya 20 min krediti verim? | Ucqar kənddə köməksiz qalan nənə-baba | ARZUNUN VAXTI
“Arzunun vaxtı” verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki sayında müəllif və aparıcı Arzu Kəlbi Astaranın Navi kəndində valideynləri dünyasını dəyişən 6 uşaqlı yoxsul ailənin evində olub.
Üç il öncə anaları vəfat edən uşaqların bir neçə gün öncə ataları da avtomobil qəzasında dünyasını dəyişib.
Ananın vəfatından sonra ailənin övladlarından biri də rəhmətə gedib. Uşaqlar atanın himayəsində qalıblar. Ata isə övladlarına analıq etməsi üçün ikinci dəfə evlənib və həmin qadından da bir qızı dünyaya gəlib.
Ailənin böyük oğlu Vüsal bildirib ki, vəziyyətləri çox pisdir, heç nəyə imkanları çatmır:
“Evimiz bərbad vəziyyətdədir. Qardaşlarım yol uzaq olduğuna görə məktəbə gedə bilmirlər. Həmçinin məktəb ləvazimatları, geyimləri də yoxdur. Mən oxuya bilmədim, amma istəyirəm ki, qardaşlarım oxusun. 20 min kreditimiz var. Əmim ev almışdı, onun üçün krediti atam götürmüşdü. Hər ay 1 200 manat ödəniş edirik. Babam təqaüd alır, onunla bilmir ki, bizi dolandırsın, ya kredit ödəsin”.
Nənənin sözlərinə görə, dünyasını dəyişən övladından başqa iki oğlu var, amma onlar eşitmə qüsurludurlar.
“Gəlinim 8 Martda, nəvəm Sevgililər Günündə dünyasını dəyişib. Ard-arda faciələr yaşadıq, indi də tək sağlam oğlum rəhmətə getdi”, – deyə nənə bildirib.